İDMAN
Bakıda keçirilən əlbəyaxa döyüş növləri üzrə yarışda Azərbaycan komandası İran kollektivinə qalib gəlmişdir [YENİLƏNİB]
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Azərbaycan və İran milli komandaları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş əlbəyaxa döyüş növləri üzrə yarış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrepplinq və MMA Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilmişdir.
Əvvəlcə yerli idmançılar arasında MMA üzrə reytinq görüşləri təşkil olunmuşdur. Emin Həsənov (71 kq) Ramin Ağalarova, Cəmil İbrahimov (84 kq) İlham Orucova, Teymur Mehdiyev (100 kq) Yusif Ağayevə, həvəskar MMA yarışlarında isə Elnar İbrahimov Ruslan Abbasova qalib gəlmişlər.
Pankration yarışlarında Şahin Loğmanov (45 kq, Azərbaycan) Mehdi Qolamini (İran), Əsgər Əsgərov (62 kq) Maziyan Şahbanini, qrepplinq yarışlarında Hidayət Məmmədov (62 kq) Mehdi Magareni, Orxan Musayev (77 kq) Abbas Qolamalipuru, MMA yarışlarında Bayram Şəmmədov (62 kq) Açqan Enqarmusu, Aqşin Babayev (66 kq) Hasan Heydarini, Vüqar Kərəmov (70 kq) Seyid Bagerlakhapı, Heydər Məmmədəliyev (78 kq) Ehsan Vasfaini, İlham Haqverdiyev (90 kq) Mollamehemmedtaqi Abdullahpuru, Fuad Qədirov (95 kq) isə Mobil Abdullahpuru məğlub etmişlər.
Yalnız qrepplinq yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Elvin Ələkbərov iranlı Seyid Mustafa Balasefata uduzmuşdur.
Beləliklə, yarış Azərbaycan komandasının 10:1 hesablı qələbəsi ilə başa çatmışdır.