REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılıb.
Bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10,45 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 3 ton tərəvəz, 3,5 ton meyvə və s. təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, ümumilikdə şənbə və bazar günlərində yarmarkada 20 tondan çox məhsul satılıb. Buradakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada badımcan 1 manat 50 qəpiyə - 2 manata, kartof 70-90, soğan 35-45 qəpiyə təklif edilir. Yarmarkada, həmçinin qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, yumurtanın 1 ədədi 7-8 qəpiyə satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Kürdəmir, Bərdə, Xaçmaz, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri 139,4 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər məhsullar gətirmişdilər.
Paytaxt sakinləri mövsümə uyğun meyvə-tərəvəzlərdən kartof, soğan, kələm, çuğundur, yerkökü, göyərti, alma, armud, nar, heyva, xurma, həmçinin balqabaq və digər məhsulları daha həvəslə alırdılar.
Şənbə günündə olduğu kimi, fevralın 15-də də yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi.
Kənd təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə təklif olunur. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulların 90 faizindən çoxu satılıb.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyətinə Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət olunurdu.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, şənbə və bazar günlərində Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (13,3 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,8 ton) bir gün əvvəl Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 15,1 ton məhsulun, demək olar ki, hamısı satılıb.
Hər iki yarmarkada meyvələrdən alma, armud, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, göyərti, bostan məhsullarından balqabaq və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz idi. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdi.
Xəbər verdiyimiz kimi, şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 311 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, şənbə və bazar günləri yarmarkada bazarlardakından 20-25 faiz ucuz qiymətə 305 tondan çox kartof, soğan, pomidor, xiyar, heyva, alma, armud, naringi, nar, yerkökü, çuğundur, kələm, balqabaq, göyərti və digər məhsullar satılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə və bazar günlərində Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından gətirilmiş 38 ton kənd təsərrüfatı məhsullarının və Giləzi broyler fabrikindən daxil olmuş 5 min ədəd yumurtanın xeyli hissəsi satılıb.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun meyvələrdən alma, armud, heyva, nar, xurma, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəzin, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Bir gün əvvəl olduğu kimi, fevralın 15-də də Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada paytaxt sakinlərinə bazarlardakından 20-30 faiz ucuz qiymətlərə müxtəlif çeşiddə məhsullar təklif edilirdi. Şəhər sakinləri kələmin kiloqramını 40-60, kartofu 40-90, yerkökünü 60-70, çuğunduru 50-60, pomidoru 1 manat- 1 manat 40 qəpiyə, soğanı 30-40 qəpiyə ala bilirdilər.
Meyvə-tərəvəzlər və ağartı məhsulları təkcə qiymətlərinin ucuzluğuna görə deyil, həm də keyfiyyətinə görə diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində Bərdə, Siyəzən, Goranboy, Ağstafa və digər rayonların fermerləri yarmarkada 25 tondan çox məhsul satıblar.