REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 17 avqust (AZƏRTAC). Avqustun 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11,85 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2 ton kartof, 3 ton meyvə və s. təklif olunurdu.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların qiymətinin bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 40-50, kartof 40-60, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 65,4 ton meyvə-tərəvəz, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında yay fəslinə uyğun olaraq mövsümi kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, lobya, badımcan, bibər, alma, armud, alça, gavalı, şaftalı, qarağat, moruq, göyərti, bostan məhsullarından yemiş, qarpız və digər kənd nemətləri üstünlük təşkil edir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuşdur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 19 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanır.
Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (19,1 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 21,5 ton məhsul çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, alça, ərik, moruq, qarağat, şaftalı, gavalı, zoğal, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən lobya, badımcan, bibər, kartof, soğan, yemiş, qarpız və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 212 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur.
Yarmarkada alıcılara təklif olunan məhsullar arasında qarpız, yemiş, şaftalı, pomidor, xiyar, kartof, soğan, badımcan, göyərti və digər kənd nemətləri çoxluq təşkil edir.
Şəhər sakinləri məhsulların keyfiyyətindən və yarmarkada yaradılan bolluqdan razıdırlar.
Şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada müxtəlif çeşiddə meyvə-tərəvəzlər, süd və bostan məhsulları nəzərə çarpırdı. Şəhər sakinləri burada bazarlıq etməyə maraq göstərirdilər.
Siyəzən, Goranboy, Ağstafa, Bərdə rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri alıcılara bazarlardakından 25-30 faiz ucuz qiymətlərə qarpız, yemiş, pomidor, xiyar, badımcan, kələm, lobya və digər məhsullar təklif edirdilər.
Yarmarkada nümunəvi xidmət şəraiti yaradılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, avqustun 17-də yarmarkaya 31,9 ton meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarılmışdır.