REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,5 ton ağartı, 2 ton tərəvəz, 3 ton kartof, 0,3 ton bostan məhsulları, 1,8 ton meyvə, min ədəd yumurta təklif olunurdu. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, turp və çuğundur 30-40, kök və boranı 40-50, kələm və soğan 40-60, kartof 50-70, yumurtanın biri 12 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, buraya Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından 68 ton meyvə-tərəvəz, ət, balıq gətirilmişdir. Alıcılara təklif olunan məhsullar arasında kartof-soğan, xiyar, badımcan, kələm, alma, nar, heyva, sitrus meyvələri, yerkökü, çuğundur, göyərti, ağartı məhsulları, mal və qoyun əti, balıq çoxluq təşkil edir. Bütün növ məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 14 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdi. Burada alıcılara naringi, xurma, qoz, fındıq, kələm, soğan, kartof, ət, toyuq, konserv, arıçılıq məhsulları təklif olunurdu.
Qubadan alma gətirmiş Məmməd Babayev dedi ki, kiloqramını 50-60 qəpiyə təklif etdiyim bu məhsulu qəsəbə sakinləri həvəslə alırlar. Son bir neçə ay ərzində burada 5 tondan çox məhsul satmışam.
Qəsəbə sakinləri bazarlardakından xeyli ucuz satılan məhsulları həvəslə alır, keyfiyyətli və ucuz məhsul gətirmiş fermerlərə təşəkkür edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Qax, Astara rayonlarından fermerlər 162 ton kənd təsərrüfatı məhsulu gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada məhsullar bazarlardakından 20-25 faiz ucuz qiymətə təklif olunur. Şəhər sakinləri satışa çıxarılan ət, yumurta, nar, alma, kartof, soğan, yerkökü, kələm və digər məhsulların keyfiyyətindən razıdırlar. Eyni zamanda, burada bazarlıq etməyin sərfəli olduğunu bildirirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində alıcılara Lənkəran, Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 45,8 ton məhsul təklif olunmuşdur. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz satılmışdır. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Ağsu və Qazax fermerləri satışa 18 tonadək məhsul çıxarmışdılar. Şəhər sakinləri kələmi, kartofu, kökü, almanı, narı və digər məhsulları həvəslə alırdılar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa rayonlarından gətirilmiş meyvə-tərəvəz satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara Xaçmaz, Daşkəsən, İmişli, Oğuz, Beyləqan Tovuz rayonlarından gətirilmiş 29,6 ton keyfiyyətli məhsul, o cümlədən qoz, fındıq, şabalıd, tərəvəz, ağartı, bostan bitkiləri təklif olunmuşdur. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######