REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 24 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,5 ton ağartı, 2 ton tərəvəz, 3 ton kartof, 0,3 ton bostan məhsulları, 1,8 ton meyvə, min ədəd yumurta satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada istirahət günləri Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 68 ton meyvə-tərəvəz, ət, balıq satılmışdır. Burada kartof, soğan, xiyar, badımcan, kələm, alma, nar, heyva, sitrus meyvələri, yerkökü, çuğundur, göyərti, ağartı məhsulları, mal və qoyun əti, balıq çoxluq təşkil etmişdir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz təklif olunmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada iki gün ərzində Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Qax, Astara rayonlarından gətirilmiş 162 ton kənd təsərrüfatı məhsulu satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun verdiyi məlumata görə, yarmarkada məhsullar bazarlardakından 20-25 faiz ucuz təklif edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində şənbə və bazar günləri Lənkəran, Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 45,8 ton məhsul satılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz təklif olunmuşdur.
Biləcəri qəsəbəsi, 284 nömrəli məktəbin yaxınlığındakı yarmarkada iki gün ərzində Ağsu və Qazax fermerləri 18 tonadək məhsul satmışlar.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa rayonlarından gətirilmiş meyvə-tərəvəz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Daşkəsən, İmişli, Oğuz, Beyləqan, Tovuz rayonlarından gətirilmiş 29,6 ton keyfiyyətli məhsul, o cümlədən qoz, fındıq, şabalıd, tərəvəz, ağartı, bostan bitkiləri satılmışdır.