MƏDƏNİYYƏT
Bakıda “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiriləcəkdir
Bakı, 21 mart (AZƏRTAC). Aprelin 3-5-də Bakı Ekspo Mərkəzində regionda mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan 8-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2014”) sərgisi keçiriləcəkdir.
“Iteca Caspian” və “ITE Group plc” tərəfindən təşkil ediləcək sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə müasir təmayüllərini və yeni texnologiyalarını, istehsalçıların konseptual tapıntılarını, habelə yüksək keyfiyyətli servis və peşəkar etika standartlarını nümayiş etdirəcəklər. Sərgidə Azərbaycan, Gürcüstan, Almaniya, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən aparıcı şirkətlər iştirak edəcəklər.
Sərginin ekspozisiyasında uğurlu biznes üçün lazım olan bütün avadanlıq və ləvazimatları, o cümlədən müasir otel mebeli, interyer üzrə həll variantları və tekstil, mətbəx avadanlığı və qəhvə maşınları, otellərin sağlamlıq və SPA salonları üçün peşəkar kosmetika, eləcə də eksklüziv məhsul və içkilər, təmizlik və gigiyena avadanlığı, qab-qacaq, otelin idarə edilməsi və təhlükəsizliyi üzrə İT həll variantları əhatə olunacaqdır.
Bu ilin yenilikləri sırasında “lüks” səviyyəli supermarketlər üçün kompleks avadanlıq da yer alır. İştirakçılar tərəfindən stendlərdə keçiriləcək təqdimat və ustad dərsləri əsnasında ziyarətçilər və qonaqlar ən yeni avadanlığı iş prosesində görə biləcəklər.
“Horex 2014” sərgisi qısa vaxt ərzində qonaqpərvərlik sənayesində yeni xidmətlərin aparıcı istehsalçıları və distributorları ilə tanış olmaq, sərfəli müqavilələr bağlamaq və müştərilərə yüksək səviyyədə xidmət göstərməyə imkan verən etibarlı podratçılar qazanmaq üçün əlverişli şərait yaradacaqdır. Qonaqpərvərlik sənayesinin peşəkar mütəxəssisləri, restoran, kafe və digər iaşə müəssisələrinin, habelə topdan və pərakəndə satış müəssisələrinin sahibləri, ərzaq mağazalarının və supermarketlərin nümayəndələri, avadanlıq istehsalçıları, eləcə də ərzaq və içki məhsullarının təchizatçıları sərgiyə dəvət olunurlar. Həmçinin sərgini ziyarət etmək aşpazlar, çörəkçilər, şirniyyatçılar və digər sənaye mütəxəssisləri üçün də faydalı olacaqdır.
“Horex 2014” sərgisi ilə eyni vaxtda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 80-dən çox turizm istiqamətini təqdim edən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2014”) sərgisi də keçiriləcəkdir.