İQTİSADİYYAT
Bakıda neft-qaz emalı və neft-kimya kompleksi forumu keçiriləcəkdir
Bakı, 8 iyul (AZƏRTAC). Noyabrın 5-6-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsinə həsr olunmuş “NQNK forumu” keçiriləcəkdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sayca ikinci olan forumun təşkilatçıları “İteka Kaspian”, “INBC Konsaltinq” və “Kaspian İvent Orqanayzers” şirkətləridir. Forum yerli və xarici şirkətlərə neft-qaz emalı və neft-kimya sahələrində malik olduqları və NQNK layihəsi çərçivəsində istifadə edə biləcəkləri qabaqcıl təcrübəni, texnologiya və digər resursları, habelə innovativ həll yollarını təqdim etmək üçün nadir fürsətlər yaradacaqdır.
İki gün davam edəcək forumda “İrimiqyaslı neft-qaz emalı və neft-kimya layihələrinin EPC (layihələndirmə-təchizat-inşaat) mərhələləri”, “Emal üzrə texnoloji nailiyyətlər”, “Neft-qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “Neft-qaz emalı və neft-kimya layihələrinin maliyyə-iqtisadi və hüquqi xüsusiyyətləri”, “NQNK xammalı və məhsulları bazarlarının marketinq və logistika tendensiyaları” və “İrimiqyaslı layihələrdə yerli podratçıları təcrübəsi” mövzularında müzakirələr aparılacaqdır. Rəsmi açılışının ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tərəfindən ediləcəyi nəzərdə tutulan tədbirdə beynəlxalq şirkətlərin rəhbərlərinin, eyni zamanda unikal sahə texnologiyalarını, oxşar layihələr üzrə təcrübə və biliklərini təqdim edən müvafiq dövlət qurumlarının yüksək səviyyəli təmsilçilərinin iştirakı gözlənilir.
Məlumatda, həmçinin bildirilir ki, hazırda neft-qaz emalı və neft-kimya kompleksi layihəsi öz inkişafının əhəmiyyətli bir mərhələsinə qədəm qoymuşdur. Forumun keçirilməsində məqsəd məhz belə bir mərhələdə qaz emalı və neft-kimya zavodlarının inşasında birbaşa iştirak edəcək və xidmətlər göstərəcək şirkətlər arasında ünsiyyət və əməkdaşlıq qurulması üçün vahid platforma yaratmaqdır.
Foruma podratçılar, mühəndislər, qlobal səviyyəli neft və qaz emalı, neft-kimya avadanlıqları istehsalçıları və təchizatçıları, logistika və tikinti şirkətləri, təchizatçılar, texnoloji məsləhətçilər, maliyyə qurumları, hüquq və maliyyə ekspertləri dəvət olunurlar.
Daha ətraflı məlumatı www.ogpcforum.az saytından əldə etmək mümkündür.