MƏDƏNİYYƏT
Bakıda “Polskiye smıçki” ansamblının konserti olacaqdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Noyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapellhaus) “Şopenin və Şimanovskinin musiqi qaynaqları” adlı konsert olacaqdır.
Polşanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konsertdə Mariya Pomyanovskayanın “Polskiye smıçki” (“Arcus Polania”) ansamblı çıxış edəcəkdir.
Qeyd edək ki, bu xalq çalğı alətləri ansamblı 15 il əvvəl klassik musiqini Frederik Şopenin yaradıcılığı əsasında xalq musiqisi ilə birləşdirmək üçün yaradılmışdır. Ansamblın yaradıcısı və rəhbəri Mariya Pomyanovskaya həm bəstəkar, həm də qədim Polşa və Asiya alətlərində ifa edən instrumentalistdir.
Ansamblın ilk layihəsi “Şopen musiqisinin qaynaqları” olmuşdur. Bu konsert isə “Şopen və Şimanovski musiqisinin qaynaqları” adlandırılmışdır. Adından göründüyü kimi, konsertdə Şopenin və Şimanovskinin əsərləri ifa ediləcəkdir.