CƏMİYYƏT
Bakıda “Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib
Bakı, 24 may, Həsrət Mahmudova, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə mayın 24-də “Qarabağ gənclərin təqdimatında” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirin məqsədi Qarabağın zəngin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin və digər sərvətlərinin gənclər tərəfindən geniş təbliğ edilməsidir.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev belə tədbirlərin xüsusən gənclərimiz tərəfindən təşkil olunmasının vacibliyini bildirib. Qeyd olunub ki, nankor ermənilər ölkəmizlə bağlı həqiqətləri saxtalaşdıraraq dünyada yaymağa çalışırlar. Bunun qarşısını almaq üçün biz də fəal olmalıyıq. Bu işdə gənclərin fəallığı xüsusilə çox vacibdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ölkəmizlə, o cümlədən Qarabağla həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. O, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində əldə edilən uğurlardan danışıb. Bildirilib ki, bu gün Azərbaycan gəncləri doğma torpağımızı işğaldan azad etməyə qadirdir. Bu il aprelin əvvəlində gedən döyüşlərdə Azərbaycan Ordusunun gücü bunu bir daha sübut etdi.
Tədbirdə Qarabağın görkəmli şəxsləri, qədim tarixi abidələri, zəngin sənətkarlıq nümunələrindən ibarət sərgi tədbir iştirakçılarında, xüsusilə xarici ölkə təmsilçilərində böyük maraq oyadıb. Həmçinin gənc musiqiçilərin, rəqqasların, aktyorların ifasında mədəni proqram da təşkil olunub.