İDMAN
Bakıda səmti müəyyən etmə idmanı üzrə seminar keçirilmişdir
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 29-da Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı, Moldova Səmti Müəyyən Etmə Federasiyasının bu idman növü üzrə mütəxəssisi Tatyana Bakulinanın iştirakı ilə “Səmti müəyyən etmə idmanı üzrə keçirilən yarışlarda hakimlər kollegiyasının işinin təşkili, nəzarət məntəqələrinin qoyulması və elektron qeydiyyat sistemlərinin tətbiqi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda Moldova Səmti Müəyyən Etmə Federasiyasının hakimlər kollegiyasının sədri Tatyana Bakulina seminarın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, seminarın əsas məqsədi Azərbaycanda bu sahədə milli kadr və mütəxəssislərin hazırlanmasıdır.
T.Bakulina seminar iştirakçılarına yarışların əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, təcrübəli kadrların hazırlanmasında bu cür seminarların keçirilməsi vacibdir.
Seminarda səmti müəyyən etmə idman yarışlarında istifadə ediləcək elektron avadanlıqların təqdimatı olmuşdur.
Tədbirdə bildirilmişdir ki, seminar çərçivəsində iyunun 30-da Binəqədi rayonunun meşə massivində (Avtovağzal) səmti müəyyən etmə idmanı üzrə açıq təlim-məşq təşkil olunacaqdır. Təlim-məşq toplantısında moldovalı mütəxəssis də iştirak edəcəkdir. Prosesdə elektron avadanlıqlardan istifadə olunacaqdır.
Seminar iyunun 30-dək davam edəcəkdir.