ELM VƏ TƏHSİL
Bakıda “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kinoməktəbi açılıb
Bakı, 7 fevral, Elvira Məmmədova, AZƏRTAC
Bakı Avropa Liseyi Yaponiyanın “TokyoCinema” studiyası ilə birlikdə “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kinoməktəbi layihəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, fevralın 7-də Nizami Kino Mərkəzində layihə çərçivəsində “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kinoməktəbinin açılışı olub.
Ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali məktəbin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihə çərçivəsində açılan beynəlxalq uşaq kinoməktəbi səmərəli fəaliyyəti ilə məktəblilərin zövqünün, dünyagörüşünün formalaşmasında böyük rol oynayacaq. Bu kinoməktəbdə ADMİU-nun kino sahəsi üzrə böyük təcrübəsi olan müəllimləri iştirak edəcək, ustad dərsləri keçəcəklər. Bundan əlavə, layihəyə Azərbaycan mütəxəssisləri ilə yanaşı, xarici mütəxəssislər də cəlb olunacaqlar.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanda belə bir məktəbin yaradılması təşəbbüsünü yüksək dəyərləndirib. Qeyd olunub ki, kinematoqrafiya plastik sənətdir, yeniyetmə yaşından gəncləri bu sənətə yönəltmək, onlarda bu sahəyə məhəbbət oyatmaq, yeni düşüncə tərzini formalaşdırmaq çox böyük işdir. C.Quliyev məktəbin fəaliyyətinə uğurlar arzulayıb.
Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova bildirib ki, kinoməktəbin yaradılmasının əsas məqsədi uşaq və yeniyetmələrdə kinematoqrafiya sənətinə marağı artırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır. Bu məktəbdə uşaqlar kino ilə bağlı bütün prosesləri öyrənəcəklər. Gələcəkdə bu liseyin şagirdləri ilə yanaşı, digər məktəblərin də şagirdləri layihədə iştirak edəcəklər. Z.Veysova qeyd edib ki, kinoməktəbə uşaqlar birinci sinifdən qəbul olunacaqlar. Azərbaycanın tanınmış kino xadimləri, kinematoqrafçıları ilə yanaşı, yaponiyalı mütəxəssislər balacalara kinonu sevdirəcək, yeni ideyalar verəcək və onların inkişafına təkan göstərəcəklər.
Digər çıxış edənlər də kinoməktəbin fəaliyyətinə uğurlar arzulayıb, burada Azərbaycan kinosunu beynəlxalq miqyasda tanıdacaq kinematoqrafçıların yetişəcəyinə əminliklərini bildiriblər.
Tədbirdə liseyin şagirdləri barədə videoçarx nümayiş etdirilib, məktəblilərin kino haqqında fikirləri dinlənilib, mahnılar ifa olunub.