İQTİSADİYYAT
BAKIDA “TÜRK İNŞAAT” VƏ “TÜRK MAKİNA” SƏRGİLƏRİ KEÇİRİLİR
Bakı, 18 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 17-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Türkiyənin “Meridyen Fuarçılıq” beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə “Türk inşaat” və “Türk makina” sərgiləri açılmışdır.
İnşaat materialları, sənayenin müxtəlif sahələri üçün cihazlar, o cümlədən ağır sənaye üçün dəzgah və digər avadanlıq istehsalı sahəsində dünyada tanınmış 59 Türkiyə şirkətinin iştirak etdiyi sərgi ilk andan Azərbaycanın müvafiq strukturlarının diqqətini cəlb etmişdir.
İki gündə sərgiyə 2 min 400-dən çox ziyarətçi tamaşa etmişdir. Bu, inşaat, dəzgah və avadanlıq sərgisi üçün son uğurlu göstərici hesab olunur.
Ziyarətçilərin diqqətini qardaş ölkənin “Makel”, “Akyapak”, “Ajanelektronik”, “Beka makina” və digər şirkətlərin məhsulları daha çox özünə cəlb edir.
İnanırıq ki, indiyədək dünyanın 60-dan çox ölkəsində təşkil edilmiş, Bakıda isə ilk dəfə keçirilən sərgidə nümayiş olunan məhsullar qısa müddətdə Azərbaycan bazarında populyarlıq qazana biləcəkdir.
Sərgidə məhsullarını nümayiş etdirən şirkətlərdən 33-ü inşaat sektorunu, 26-sı isə texnoloji vasitələr istehsalı ilə məşğul olan müəssisələri təmsil edir.
Sərgi iyunun 20-dək davam edəcəkdir.