İQTİSADİYYAT
Bakıda Türk Şurasına üzv dövlətlərin gömrük xidmətləri ekspertlərinin texniki iclası keçirilir
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Karvansaray" layihəsi çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin texniki iclası başlayıb. İclasda Dövlət Gömrük Komitəsinin nümayəndələri və TDƏŞ-ə üzv dövlətlərin gömrük xidmətlərinin ekspertləri iştirak edirlər.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasın keçirilməsində məqsəd TDƏŞ-ə üzv dövlətlərin gömrük məntəqələrində tətbiq edilən yenilikləri öyrənmək, bununla bağlı müzakirə və araşdırmalar aparmaq, növbəti iclasın gündəliyini hazırlamaqdır.
DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisinin birinci müavini Ramil Əsədov son dövrlərdə komitə tərəfindən gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barəsində məlumat verib. O, ölkəmizdə gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla, müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdığını, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması məqsədilə yeni layihələrin icra edildiyini, elektron xidmətlərin səviyyəsinin yüksəldiyini, cari ilin fevralından "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinə başlanıldığını, o cümlədən bir sıra yenilikləri ekspertlərin diqqətinə çatdırıb.
TDƏŞ-in layihə direktoru Fərrux Cumayev bildirib ki, "Karvansaray" layihəsi ilə əlaqədar Türk Şurası olaraq türkdilli dövlətlərin gömrük sərhəd buraxılış məntəqələrinə baxış keçirmək, orada yaradılan yeniliklərlə bağlı hesabat hazırlamaq, layihənin səmərəliliyini artırmaq məqsədilə daha çox məlumat əldə etmək niyyətindədirlər. Hazırda layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təmsil edildiyini deyən F.Cumayev Gürcüstanın da bu siyahıya qoşulmaq istədiyini, gələcəkdə Çin ilə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
İclasda DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin baş inspektoru Cavid Mirzəyev "Gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və aparılan əməliyyatlar" adlı təqdimatla çıxış edib.
Daha sonra ekspertlər "Karvansaray" layihəsi çərçivəsində keçirilən növbəti texniki iclasın gündəliyini, gömrük sərhəd buraxılış məntəqələrində gömrük əməliyyatları, bir pəncərə, qısa idxal bəyannaməsinin tətbiqi, layihə müddətində əldə edilən nailiyyətləri, son vəziyyəti və digər məsələləri müzakirə ediblər.
İclas oktyabrın 18-dək davam edəcək. TDƏŞ-ə üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına səfəri nəzərdə tutulur.
Qeyd edək ki, "Karvansaray" layihəsi çərçivəsində mütəmadi olaraq üzv ölkələrin gömrük məntəqələrinə səfərlər təşkil edilir və həmin ölkədəki infrastruktur, keçid prosedurları öyrənilir.