MƏDƏNİYYƏT
Bakıda Türkiyənin uşaq ədəbiyyatı yazarı Birsen Özenin uşaqlar üçün yazdığı kitabının imza saatı təşkil olunub
Bakı, 7 oktyabr, Emil Məlikov AZƏRTAC
Oktyabrın 7-də Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin stendində Türkiyənin uşaq ədəbiyyatı yazarı Birsen Özenin "Şirin" adlı kitabının təqdimatı və imza saatı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakıda olmasından məmnunluğunu bildirən Birsen Özen sərginin xoş təəssüratlar yaratdığını vurğulayıb: “Mən ötən sərgidə də iştirak edirdim və builki sərgi daha aktiv və canlılığı ilə seçilir. Hər il bu sərgi daha da canlanacaq, Türkiyədə də biz bunu bu cür müşahidə etmişik. Bu gözəl kitab sərgisini təşkil edənləri təbrik etmək istəyirəm. Çox yüksək səviyyədə keçirilir. Uşaqların da kitablara və bu sərgiyə olan marağı hər il daha da artır. Belə sərgilərin keçirilməsi mütaliənin inkişafına öz müsbət təsirlərini göstərir. Bizi də belə mötəbər tədbirlərə dəvət etməyiniz bizi həm sevindirir, həm də qürurlandırır. Mən öz kitablarımda uşaqlara ətrafdakılar sevməyi aşılayıram, onlara xoşbəxt olmağın ən ümdə məqamlarını çatdırıram. Qələmə aldığım "Şirin" adlı kitab uşaqlara əsasən bir-birimizi düşmən olaraq yox, qardaş olaraq qəbul etməyimizi, eyni zamanda səhv etməkdən qorxmamağımızı aşılayır".
Daha sonra Birsen Özen "Şirin" adlı kitabını imzalayaraq uşaqlara hədiyyə edib.