REGİONLAR
Bakıda üzümçülük və şərabçılıq sahəsində beynəlxalq təşkilatla əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də kənd təsərrüfatı naziri İsmət Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru Federiko Kastelluççi ilə görüşmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirlikdə keçirilən görüşün məqsədi üzümçülük və şərabçılıq sahəsində təşkilatla əməkdaşlığın perspektivlərinin müzakirəsi olmuşdur.
İsmət Abasov üzümçülüyün və şərabçılığın inkişaf istiqamətləri, perspektivləri barədə məlumat verərək, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunduğunu, emal müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini və güclü kadr potensialının yarandığını nəzərə çatdırmışdır.
Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olması məqsədi ilə nazirlik tərəfindən Hökumətə təklif verilmiş, məsələyə dair aidiyyəti dövlət qurumları tərəfindən ümumilikdə müsbət münasibət bildirilmişdir. Hazırda üzv olma istiqamətində daxili prosedurlar həyata keçirilir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda istehsal olunan şərablar və digər spirtli içkilər bir sıra beynəlxalq sərgilərdə, şərab festivallarında nümayiş etdirilir.
Nazir İsmət Abasov Azərbaycan və Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflər irəli sürmüşdür.
Federiko Kastelluççi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına elmi-metodoloji köməklərin, eyni zamanda üzüm sortlarının keyfiyyətinin artırılması istiqamətində lazımi dəstəyin göstərilməsinin mümkünlüyünü bildirmişdir.
Baş direktor təmsil etdiyi təşkilatın Assambleyasının növbəti iclasının Azərbaycanda keçirilməsini təklif etmiş və ölkəmizin nümayəndə heyətini həmin təşkilata dəvət etmişdir.