MƏDƏNİYYƏT
Bakıdakı Rus evində rejissor Arzu Urşan ilə görüş keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Bakıdakı Rus evində rejissor Arzu Urşan ilə görüş və onun “Top həm düşər, həm qalxar” adlı sənədli filminin nümayişi təşkil olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, film 1911-ci ildən bu günümüzədək Azərbaycan futbolunun inkişafına həsr olunub. Filmdə “Britaniya klubu”, “Futbolçuların Balaxanı dərnəyi”, “Drujina idmana”, “Askold” və s. kimi nə məşqçisi, nə forması olmadan şəhərin ətrafında oynamağa başlayan ilk komandalardan, 1912-ci ildə Bakı və Tiflis arasında keçirilən şəhərlərarası ilk oyundan, 1926-cı ildə təşkil olunan beynəlxalq matçdan söhbət açılır.
Azərbaycanın ən yaxşı komandalarından biri kimi “Neftçi”nin nümunəsində film ən parlaq oyunları, qələbələri və məğlubiyyətləri xatırladır. Filmdə “Neftçi” komandasının tanınmış futbolçuları öz xatirələrini bölüşürlər. Sənədli filmdə, həmçinin SSRİ yığmasının əfsanəvi forvardı – Anatoli Banişevskidən bəhs olunur.
Filmin ssenari müəllifləri Arzu Urşan, Aleksandr Balaşov, rejissoru Arzu Urşandır.