İQTİSADİYYAT
“Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar
Bakı, 7 avqust (AZƏRTAC). “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları müqəddəs Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlər fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq, baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcəkdir. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədi ilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaqdır.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaqdır.