İDMAN
“Bakı”nın futbolçusu Şəhriyar Əliyevin vurduğu qol Böyük Britaniyanın “Guardian” qəzetinin seçim siyahısında yer almışdır
Bakı, 5 iyun (AZƏRTAC). Böyük Britaniyanın nüfuzlu “Guardian” nəşri 2012-2013-cü il futbol mövsümünün ən gözəl qol seçiminə başlamışdır.
AZƏRTAC xəbər verir ki, qəzetin oxucuları futbol meydanlarında vurulan 30 qeyri-adi qoldan ən yaxşılarını seçmək imkanına malikdirlər. Bu siyahıda “Bakı” futbol klubunun müdafiəçisi Şəhriyar Əliyevin paytaxtın “İnter” komandasının qapısına vurduğu mükəmməl qol da yer alır.
Ş.Əliyev Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin “İnter” və “Bakı” klubları arasında keçirilən cavab oyununda (2:2, ilk oyun 1:1) komandasının ikinci qolunu vurmaqla “Bakı”nın yarımfinala yüksəlməsini təmin etmişdi.
Ş.Əliyevin qolu apreldə Portuqaliyanın TV GOLO portalı tərəfindən elan olunan ən gözəl qol nominasiyasında 5-ci olmuşdu.