İDMAN
Bakının “Neftçi” futbol komandası fiziki hazırlıq üzrə mütəxəssis Ruben Seleş Kastellonu düşərgəsinə dəvət etmişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Antalyada hazırlığını davam etdirən Bakının “Neftçi” futbol komandası fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət etmişdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, UEFA Pro kateqoriyalı R. S.Kastello “Barselona” klubunun “Master” diplomuna layiq görülmüşdür. Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış Kastello İspaniyanın “Valensiya, “Vilyareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışmışdır. Kastello bugünkü məşqdə “Neftçi” komandasının heyətinə təqdim olunmuşdur.
Məşqdən sonra ispaniyalı mütəxəssis bildirmişdir ki, mənə dəvət gələn kimi “Neftçi” haqqında ətraflı məlumat topladım. Bu klubun böyük tarixi var və “Neftçi” hər zaman iddialı olmuşdur. Bu mövsüm komanda Avropa liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla sözünü demişdir. Son iki mövsümdə çempion olmuş komanda üçün titulu qorumaq çox vacibdir. “Neftçi”nin rəhbərliyi ilə söhbətimdə komandanın qarşısına qoyulan məqsədlər barədə məlumatlandırıldım. Komandanın baş məşqçisi Böyükağa Hacıyevlə tanış oldum və o mənə məsləhətlərini və tövsiyələrini verdi. İlk məşqdə hiss etdim ki, düşərgədə əla abı-hava vardır. Belə bir mühitdə və şəraitdə işləmək yalnız zövq verə bilər.
R.S.Kastello qeyd etmişdir ki, gənc olmağıma baxmayaraq Avropanın bir sıra ölkələrində çalışmışam və müəyyən təcrübə toplamışam. Hazırlıq müddəti başa çatanadək futbolçularımız çempionatın oyunlarına tam hazır olacaqlar və klub rəhbərliyinin etimadını doğruldacağam.