SİYASƏT
Bakının Nərimanov rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Bakının Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, cari ildə rayonda görülmüş geniş abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının tapşırığına əsasən, rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışan A.Fərzəliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçiriləcəyini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. O, yeni ildə ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapacağına əminliyini bildirmişdir.
Qeyd olunmuşdur ki, hazırda müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların vahid dövləti, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir.
Sonra Nərimanov rayonunun ictimai-siyasi həyatında fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.