İQTİSADİYYAT
Bakıya “Bentley“in yeni “Continental GT” modeli gətirilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). Bakıya məşhur “Bentley” avtomobil şirkətinin yeni “Continental GT” modeli gətirilmişdir.
“Bentley” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı olan “Bentley-Baku” mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, təqdimatda mərkəzin direktoru Emin Əsgərov “Continental GT” modelinin ilk versiyasının 2003-cü ildə istehsal olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, ötən illərdə bu model böyük uğur qazanmış və həmin nəsildən 23 min avtomobil satılmışdır. 2010-cu ildə isə “Bentley” şirkəti bu uğurla kifayətlənməyərək yeni “Continental GT” modelini yaratmışdır.
Bu modeldə gövdənin bütün detalları yenidən dizayn edilmişdir. Aparılmış təkmilləşdirmə işləri nəticəsində avtomobilin mühərrikinin gücü də artırılmışdır. On iki silindrli 6 litr həcmli twin-turbo (W12) mühərrikinin gücü 567 at gücü və 700 Nm fırlanma tezliyinə çatdırılmışdır. Əvvəlki versiyasından 65 kiloqram yüngül olan yeni “Continental GT” 100 kilometr/saat üçün 4,4 saniyə vaxt sərf edir. Avtomobilin maksimal sürəti isə 318 kilometr/saat-dır.
Yenilənmiş “Continenetal GT”-nin “Quickshift” transmissiyası isə bir dəfəyə iki ötürücü pilləsini azaltmağa imkan verir. Avtomobildə quraşdırılmış 8 düyümlük “touchscreen” ekran naviqasiya və Google Maps (Google Xəritələr xidməti) kimi xidmətlərdən də rahatlıqla istifadə etmək olur.
######