İDMAN
“Baku Cup 2014” turnirinin beşinci günü başa çatıb
Bakı, 24 iyul (AZƏRTAC, M.Əlioğlu, Z.Həsənov). Bakıda qadınlar arasında keçirilən WTA “Baku Cup 2014” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 24-də yarışın beşinci gününün növbəti oyunları keçirilib.
İlk oyunda sürpriz nəticə qeydə alınıb. Belə ki, “Baku Cup 2014”ün 1 nömrəli favoriti, dünya reytinqinin 29 nömrəli tennisçisi rumıniyalı Sorana Kirstea isveçrəli Ştefani Föqeleyə uduzub. Hər iki seti 6:1 öndə bitirən Ş.Föqele güclü rəqibini cəmi 50 dəqiqədə məğlub edib.
İtaliyalı Françeska Skyavone səkkizdəbir finalda israilli tennisçi Culiya Qluşko ilə qarşılaşıb. Dünya reytinqində 102-ci olan 24 yaşlı C.Qluşko 75-ci yerdəki rəqibi 34 yaşlı F.Skyavoneyə qarşı ciddi mübarizə aparsa da, italiyalı idmançı matçı 2:0 qalib başa vurub və növbəti mərhələyə yüksəlib.
Dünya reytinqində 81-ci olan 21 yaşlı fransalı tennisçi Kristina Mladenoviç və reytinqdə 76-cı olan 18 yaşlı xorvatiyalı tennisçi Donna Vekiç arasındakı görüş maraqlı idman mübarizəsi şəraitində keçib. İki saata qədər davam edən matçda 2:1 hesabı ilə qələbə qazanan Kristina Mladenoviç dörddəbir finala yüksəlib.
“Baku Cup 2013”ün çempionu olmuş ukraynalı Elina Svitolina günün son matçında ispaniyalı Silviya Soler-Espinoza ilə qarşılaşıb. Turnirin 2 nömrəli favoriti olan E.Svitolina matçda 2:0 hesabı ilə qalib gələrək dörddəbir finala sonuncu vəsiqəni əldə edib.
“Baku Cup 2014”də komanda yarışında dörddəbir finalın oyunları keçirilib.
Birinci kortda Aleksandra Panova (Rusiya) və Xiter Uatson (İngiltərə) dueti Katerina Bondarenko (Rusiya) və Nikol Meliçar (ABŞ) cütlüyü ilə qarşılaşıb. Matçdan 2:0 qalib ayrılan Aleksandra Panova və Xiter Uatson yarımfinala yüksəliblər.
Komanda yarışlarında digər oyunda turnirin bir nömrəli favoriti hesab edilən gürcüstanlı Oksana Kalaşnikova və ukraynalı Olqa Savçukun komandası Nigina Abduraimova (Özbəkistan) və Alyona Fomina (Ukrayna) cütlüyünə qarşı mübarizə aparıb. Favorit cütlük matçda başdan sona qədər üstün oyun keçiriblər. İlk seti 6:3, ikinci seti də 6:2 qazanan O.Kalaşnikova və O.Savçuk yarımfinala yüksəliblər.
İsrailli Şayar Peyer komanda yoldaşı rumıniyalı Raluka Olaru ilə fransalı cütlük Amandin Hesse və Paulin Parmentyeri hər iki setdə 6:1 hesabı ilə məğlub edərək yarımfinala çıxıblar.
Fərdi yarışlarda səkkizdəbir final matçlarına çıxan və qalib gələn italiyalı Françeska Skyavone və isveçrəli Ştefani Föqele bu dəfə cütlərin yarışında eyni komandada mübarizə aparıblar. Onların rəqibləri ukraynalı Oleksandra Koraşvili və çexiyalı Tereza Martinkova olub. İlk seti 6:2, ikinci seti 6:3 qazanan F.Skyavone və Ş.Föqele bu qələbə sayəsində yarımfinala yüksəldiblər.