İDMAN
“Baku Fires” və “Cuba Domaderos” boks komandalarının heyəti açıqlanmışdır
Bakı, 7 yanvar (AZƏRTAC). Yanvarın 11-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyasının (WSB) beşinci turu çərçivəsində “Baku Fires” və “Cuba Domaderos” (Kuba) komandaları qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, komandaların heyəti artıq müəyyənləşmişdir. Belə ki, Xamza Nametov (“Baku Fires”, 49 kq) Yosbani Veita (“Cuba Domaderos”) ilə, Məhəmməd Qurbanov (56 kq) Robeysi Ramirezlə, Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledo ilə, Xaybulla Musalov (75 kq) Ramon Luislə, Denis Latipov (91 kq) isə Erislandi Savonla qarşılaşacaqdır.
Kuba təmsilçisi 4 matçın hamısında qalib gələrək A qrupunun vahid lideridir.
Boksda böyük ənənələri olan Kuba Azərbaycana güclü heyətlə gəlir. Rəqib komandanın heyətində Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları yer almışlar.
Robeysi Ramirez (56 kq) Kuba komandasının ən tanınmış boksçularındandır. O, 52 kq çəki dərəcəsində London Olimpiadasının qızıl medalını qazanmışdı. H.Hacəliyevlə döyüşəcək Y.Toledonun da böyük uğurları olmuşdur. Kubalı boksçu 2011 və 2013-cü illərdə dünya çempionatlarının gümüş mükafatçısı olmuşdur.