REGİONLAR
Balakənli gənclər natiqlik bacarıqlarını inkişaf etdirirlər
Balakən, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2 Fevral- Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Balakən rayonunda silsilə tədbirlər davam edir. Tədbirlər planına uyğun olaraq, rayon Gənclər və İdman İdarəsinin və Gənclər evinin birgə təşkilatçılığı ilə gənclər arasında “Təqdimat bacarıqları” adlı natiqlik müsabiqəsi keçirilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin əsas məqsədi gənclərdə natiqlik və araşdırma bacarıqlarının, qruplarla işin inkişaf etdirilməsi olub. Təqdimatda hər birinin tərkibində 3 nəfər olmaqla, 4 komanda iştirak edib.
Komandaların hər biri ayrı-ayrılıqda müxtəlif mövzularda – “Ölkəmizin inkişafında gənclərin rolu”, “Azərbaycanda və xaricdə könüllülük fəaliyyəti”, “Ekoloji problemlər, onlardan çıxış yolları və geri dönüş”, “Müasir əmək bazarı və gələcəyin peşələri” mövzularında araşdırmalar aparıb, təqdimat hazırlayıblar.
Müsabiqənin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təqdimetmə bacarığı olan gənclər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.