İQTİSADİYYAT
“Bank Respublika”nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 18-də “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 15 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 8,5 faiz, ticarətə buraxılma tarixi fevralın 18-dir. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Fevralın 15-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 15 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.