İQTİSADİYYAT
Bank sektorunu tənzimləyəcək qaydalar müzakirə olunub
Bakı, 16 avqust, AZƏRTAC
Bank sektorunu tənzimləyəcək qaydalar müzakirə edilib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildiriblər ki, prudensial qaydaların müzakirəsinə dair ABA ilə banklar arasında keçirilən görüşdə "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları", "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları", "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları" və "Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları"nın son layihəsinə dair bankların rəy və təklifləri müzakirə olunub.
Bankların rəy və təklifləri nəzərə alınıb, müəyyən dəyişikliklər aparıldıqdan sonra qaydaların Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanması planlaşdırılır.