İQTİSADİYYAT
BANKLAR KREDİT VERƏRKƏN MƏQSƏDƏUYĞUNLUĞA DİQQƏT YETİRMƏLİDİRLƏR
KƏND TƏSƏRRÜFATI NAZİRİ BUNU ÇOX VACİB ŞƏRT SAYIR
Kənd təsərrüfatı naziri İrşad Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, ölkədə mükəmməl kreditləşdirilmə sistemi formalaşmışdır. Ancaq banklar və digər maliyyə qurumları öz işlərini şəffaf qurmaqla yanaşı, kredit almaq üçün təqdim olunmuş biznes planlarının reallığını da araşdırmalı, kreditin məqsədəuyğunluğuna diqqət yetirməlidirlər. Iş adamı, o cümlədən fermer vəsait almaq üçün şişirdilmiş rəqəmlər göstərə bilər.Bəs o, həmin nəticəni əldə edib krediti qaytara biləcəkmi? Bax, ilk mərhələdə bu məsələ araşdırılmadığından indiyədək sahibkarlara verilmiş 358 milyard manat kreditin yalnız 122 milyard manatı qayıtmışdır. Konkret misal çəkmək istəyirəm. Sirr deyildir ki, bu gün respublikanın torpaq ehtiyatları başsayı artmaqda olan mal-qaranın tələbatını ödəmir. Başqa sözlə, disproporsiya yaranmışdır. Bununla belə, banklar fermerlərə mal-qara almaq üçün kredit verirlər. Halbuki bu krediti daha səmərəli,daha gəlirli sahəyə, məsələn, emal müəssisələrinin yaradılmasına yönəltmək olar.