CƏMİYYƏT
Baş Prokurorluq Xırdalanda dörd azyaşlı uşağın antisanitariya vəziyyətində yaşaması ilə bağlı məlumat yayıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Abşeron rayonunun Xırdalan şəhərində dörd nəfər azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Müəyyən edilib ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayırlar.
Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq, onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.