SİYASƏT
BAŞ PROKURORLUQDA PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI MÜRACİƏTLƏRƏ BAXILMASI MƏSƏLƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Qanunvericilikdə seçkilərin demokratik təminatlarını gücləndirmək məqsədi ilə vətəndaşların seçki hüquqlarının pozulmasından şikayətlərin verilməsi və onların araşdırılması qaydaları müəyyən edilmişdir.
Qanunvericiliyin tələbləri nəzərə alınmaqla baş prokurorun 2005-ci il 13 iyul tarixli əmri ilə Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında” 2001-ci il 9 fevral tarixli əmrinə Seçki Məcəlləsinin müvafiq müddəalarını özündə əks etdirən bənd əlavə edilmişdir.
Prokurorluq orqanlarının vətəndaşların seçki hüquqlarının qorunmasında iştirakının və seçki qanunvericiliyinin təbliği sahəsində fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Baş Prokurorluğun əməkdaşlarının rəhbərliyi ilə 11 rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı təmin olunmaqla Lənkəran rayon prokurorluğunda, 19 rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı təmin edilməklə Ağcabədi rayon prokurorluğunda bölgə seminar-məşğələləri keçirilmişdir.
Eyni zamanda Baş Prokurorluqda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin müşahidəçilik missiyasının nümayəndələri ilə görüşlər keçirilmişdir.
Baş Prokurorluq üzrə “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından Baş Prokurorluğa daxil olmuş cinayət xarakterli məlumatlara baxılması üzrə tədbirlər barədə” Sərəncamla Mərkəzi Seçki Komissiyası tərəfindən əsaslandırılmış qərarlar çıxarılmaqla Baş Prokurorluğa göndərilən cinayət xarakterli məlumatlara baxılması qaydaları müəyyənləşdirilmiş və müvafiq işçi qrupları yaradılmışdır.
Oktyabrın 15-də Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun, baş prokurorun müavini Eldar Nuriyevin, Mərkəzi Seçki Komissiyasının katibi Namiq Məmmədovun, MSK-nın üzvləri Azər Tağıyevin, Fuad Cavadovun və Qabil Orucovun iştirakı ilə baş prokurorluğun tədris mərkəzində prokurorluq işçi qruplarının üzvlərinin iştirakı təmin olunmaqla “Milli Məclisə seçkilərlə bağlı prokurorluq orqanlarına daxil olmuş müraciətlərə baxılması” mövzusunda növbəti seminar-məşğələ keçirilmişdir.
Seminarda Baş Prokurorluğun əməkdaşları tərəfindən “Milli Məclisə seçkilərlə bağlı prokurorluq orqanlarına daxil olmuş müraciətlərə baxılması qaydası. Bu sahədə görülmüş işlər və perspektivlər” və “Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından daxil olmuş cinayət xarakterli məlumatlara baxılmasının ümumiləşdirilməsi” mövzusunda məruzələr edilmişdir.
Məruzələr ətrafında aparılmış geniş müzakirələrdə Mərkəzi Seçki Komissiyasından Baş Prokurorluğa daxil olmuş cinayət xarakterli məlumatlara qanunla müəyyən edilmiş 3 gün müddətində baxılmasının təmin edilməsi, bu sahədə aşkar edilmiş qanun pozuntuları və nöqsanların təxirə salınmadan aradan qaldırılması, onların gələcəkdə təkrar olunmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin əhəmiyyəti nəzərə çatdırılmışdır.
Seminar-məşğələdə Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına göndərilmiş cinayət xarakterli məlumatlara baxılmasının səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş ətraflı fikir mübadiləsi aparılmış, çoxsaylı suallar cavablandırılmış, növbəti seminar-məşğələlərin keçirilməsi qərara alınmışdır.
Baş Prokurorluq tərəfindən Milli Məclisə seçkilərlə bağlı vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması və bununla əlaqədar qanuni tədbirlərin görülməsi təmin ediləcəkdir.