İQTİSADİYYAT
BBVB-də xarici valyuta ilə elektron hərracların həcmi noyabrın yekunlarına görə 31.343 milyon manat təşkil etmişdir
Bakı, 7 dekabr (AZƏRTAC). 2013-cü ilin noyabr ayında Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sisteminin (BEHS) valyuta bölməsində USD/AZN aləti üzrə hərracların ümumi məbləği 31.343 milyon manat, yaxud 39,960 milyon dollar təşkil etmişdir. Hərraclarda cəmi 7 bank iştirak etmişdir. Hesabat ayında 40 ticarət sessiyası keçirilmiş, 15 əqd qeydə alınmışdır.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, noyabrda valyuta bölməsində hərracların həcmi oktyabr ayı ilə müqayisədə 12,094 milyon manat və ya 1,6 dəfə artmışdır.
Birjanın elektron hərraclar sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə noyabr ayında artaraq təqribən 1,998 milyon ABŞ dollarına çatmışdır. Hər bir əqdin orta həcmi 2,664 milyon dollara bərabər olmuşdur.
Qeyd edək ki, milli valyutanın USD/AZN_TOD aləti üzrə birja məzənnəsi hesabat ayında dəyişməmişdir və 1 dollar üçün 0,7835AZN olmuşdur. ABŞ dollarının manata nisbətdə orta hesablanmış məzənnəsi noyabr ayında 1 dollar üçün 0,7843 AZN təşkil etmişdir.
Market-meyker bankların sifarişləri əsasında 90 günlük BakiBOR kreditləri üçün hesablanan orta aylıq faiz dərəcəsi noyabr ayında manatla illik 10,64 faiz, ABŞ dolları üzrə isə 11,02 faiz təşkil etmişdir. BakIBID üzrə 90 günlük faiz dərəcəsi manatla illik 5,08 faiz, ABŞ dolları üzrə 4,91 faiz təşkil etmişdir.