ELM VƏ TƏHSİL
BDU-da “Xəzərin cənub-qərb sahilinin quşlarının trofik və biotopik əlaqələri” mövzusunda elmi seminar
Bakı, 30 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Xəzərin cənub-qərb sahilinin quşlarının trofik və biotopik əlaqələri” mövzusunda elmi seminar keçirilib. Tədbir 27 Mart - Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyevin mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi Xəzərin cənub-qərb sahilinin ayrı-ayrı biotoplarının genişzolaqlılığı, ərazinin çoxşaxəliliyi və miqrasiya yollarının qovşağında yerləşməsinin quşların məskunlaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu ərazidə Mərkəzi və Şimali Avropa, Rusiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrikadan gələn quş növlərinin müxtəlif populyasiyaları qışlayır, nəsil verir, yuvalama və qışlama yerləri arasında qısamüddətli dincəlir. Xəzərin cənub-qərb sahili növdaxili və növlərarası münasibətlərin araşdırılması baxımından əlverişli coğrafi yerdədir.
Qeyd edilib ki, quşların trofik və biotopik əlaqələrinin geniş spektri ekosistemlərin vəziyyətini, baş verən dəyişiklikləri bioindikator kimi istifadə etməyə imkan verir.
Seminarda, həmçinin müxtəlif infeksion xəstəliklərin yayılmasına şərait yaradan onurğalı və onurğasız heyvanların bioindikatoru kimi quşların rolu müzakirə olunub.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.