ELM VƏ TƏHSİL
BDU-da “Yüz yaşlı Şərqşünaslıq fakültəsi: tarix və ənənələr” adlı tədbir
Bakı, 31 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin yaradılmasının 100 illiyinə həsr olunan “Yüz yaşlı Şərqşünaslıq fakültəsi; tarix və ənənələr” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən dekan Aydan Xəndan Şərqşünaslıq fakültəsinin tarixi, məzunları, unudulmaz müəllimləri barədə danışıb. O, tələbələri fakültənin gələcək inkişafında fəal rol oynamağa, mövcud ənənələri qoruyub saxlamağa və oxuduqları ixtisas dillərini dərindən mənimsəməyə çağırıb.
Ərəb filologiyası kafedrasının professoru Elxan Əzizov kafedraların yaranması, məşhur məzunlardan bəhs edib. Türk filologiyası kafedrasının professoru, Milli Məclisin deputatı Jalə Əliyeva tələbələrə gələcəkdə yaxşı şərqşünas olmaq üçün tövsiyələrini verib.
Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli fakültənin tarixi, kafedraların fəaliyyətindən bəhs edib, Azərbaycanda şərqşünaslıq elminin inkişaf perspektivləri ilə bağlı təkliflərini bildiriblər.
Sonra fakültənin müəllimləri Əsmətxanım Məmmədova, Nüşabə Əlizadə, Adil Yəhyayev çıxış ediblər.