ELM VƏ TƏHSİL
BDU İran universitetləri ilə nanotexnologiya sahəsində birgə tədqiqatlar aparacaq
Bakı, 18 yanvar, AZƏRTAC
İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi və İranın Azərbaycandakı səfirliyi nəzdindəki İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan-İran əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Rektor, eyni zamanda, İranın bir sıra universitetləri ilə uğurlu əməkdaşlıq, nanotexnologiya və biotexnologiya sahəsində birgə tədqiqatların aparılması, dərsliklərin hazırlanması barədə danışıb.
Görüşdən məmnunluğunu bildirən S.Xodadadi və İ.İbrahimi Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən elm sahəsində sürətli inkişafın olduğunu, İran universitetlərinin BDU ilə elmi əlaqələrinin genişləndirməsinin əhəmiyyətini qeyd ediblər. Qonaqlar ölkələrimiz arasında elm və təhsil sahəsində həyata keçiriləcək bütün layihələri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Sonda iranlı qonaqlar BDU-nun laboratoriyalarının, Nanotexnologiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.