BELARUSDA “İNTELLEKTUAL” TRAKTOR YARADILACAQDIR
Bakı, 22 oktyabr (AZƏRTAC). BELTA Agentliyinin verdiyi xəbərə görə, Belarus Milli Elmlər Akademiyasının alimləri “İntellektual” traktor yaratmağı planlaşdırırlar. Bunu akademiyanın rəyasət heyəti sədrinin birinci müavini Pyotr Vityaz Mİnskdə keçirilən “Bərk cisimlər fizikasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda bildirmişdir.
Dünyada təkmilləşdirilmiş traktorlara ehtiyac vardır. P.Vityaz demişdir: “Nəyi harada səpmək, torpağı hansı dərinlikdə qazmaq lazım gəldiyini proqramlaşdıran yeni modellərə ehtiyac duyulur. Artıq mövcud yerli modellərə tələbat azalmışdır”.
Maşınqayırma sənayesində tətbiq olunan texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olan Belarus alimləri qarşısında hazırda yanacağın faydalılıq əmsalının artırılması, atmosferə buraxılan zərərli maddələrin miqdarının azaldılması kimi vəzifələr durur. Gələcəkdə hidrogen yanacağı ilə işləyən mühərriklərdən istifadə olunacaqdır.
P.Vityaz vurğulamışdır ki, Belarusda hazırkı traktorlarla müqayisədə 30 faiz az yanacaq sərf edən yeni model işlənib hazırlanmışdır. Hazırda yeni traktor sınaqdan çıxarılır.
“Bərk cisimlər fizikasının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans oktyabrın 23-dək davam edəcəkdir. Tədbirdə 16 ölkədən 400-dən çox alim iştirak edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri