DÜNYA
Belarusda yeni quyular qazılması hesabına perspektivdə neft hasilatının həcmi sabit saxlanacaq
Minsk, 22 sentyabr, AZƏRTAC
Belarusda yeni quyular qazılması hesabına perspektivdə neft hasilatının həcmi sabit saxlanacaq. “Belorusneft” İstehsalat Birliyinin baş direktorunun müavini Sergey Kamornikov bu fikri “Belarus Respublikasının neft məhsulları və qaz bazarı: istehsal, treydinq, pərakəndə satış” mövzusunda beynəlxalq konfransda jurnalistlərlə söhbətində söyləyib.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, S.Kamornikov deyib: “Əsas vəzifə neft hasilatının həcmini sabitləşdirməkdir. Hesab edirəm ki, bizdə bu məsələ uğurla həll olunur. Son 3 ildə biz neftin qiymətinin son 12 ildə ən aşağı olduğu şəraitdə işləməli olmuşuq. Hələ bu ilin əvvəlində neftin bir barelinin qiyməti 26 dollara düşmüşdü. Buna baxmayaraq bizdə neftin hasilatı azalmır”.
Onun sözlərinə görə, neft hasilatının həcminin sabit səviyyədə saxlanması ilk növbədə yeni quyular qazılması hesabına mümkün olur. Bu, investisiya fəaliyyətinin əsas istiqamətidir. Təkcə yeni quyular hesabına hər il 100 min tona yaxın hasil edilir.
Belarusda əsas neft yataqları Qomel vilayətinin Reçitsk və Svetloqorsk rayonlarında yerləşir. Belarusda hər il təxminən 1,6 milyon ton neft çıxarılır. Bu neft Almaniyaya ixrac edilir.
Zeynal Ağazadə
AZƏRTAC-IN xüsusi müxbiri
Minsk