DÜNYA
Belarusun paytaxtında pilotsuz uçuş aparatları üçün operatorlar hazırlanmağa başlanmışdır
Minsk, 13 mart (AZƏRTAC). AZƏRTAC Belarus KİV-lərinə istinadən xəbər verir ki, Minskdə pilotsuz uçuş aparatları üçün operatorlar hazırlanmağa başlanmışdır.
Minsk Dövlət Ali Aviasiya Kollecində “Pilotsuz aviasiya kompleksləri” ixtisası üzrə Silahlı Qüvvələrin (SQ) kursantlarının iki ixtisaslaşma - “Pilotsuz aviasiya komplekslərinin texnoloji istismarı” (pilotsuz uçuş aparatları üçün operatorlar və hədəf yük operatorları) və “Pilotsuz aviasiya komplekslərinin texniki istismarı” (mühəndis-texnik personalı) ixtisaslaşmaları üzrə hazırlığı başlanmışdır.
Məzunlara leytenant rütbəsi və “Mühəndis. İdarəetmə üzrə mütəxəssis” ixtisası veriləcəkdir. Tədris kursu 5 ildir. Kursu bitirdikdən sonra SQ-də pilotsuz aviasiya komplekslərinin istismarı ilə bağlı müvafiq vəzifələrdə xidmət nəzərdə tutulmuşdur.
Ekspertlərin proqnozlarına görə, 2015-2020-ci illərdə qabaqcıl ölkələrin hərbi aviasiya parkının üçdə bir hissəsini pilotsuz aparatlar təşkil edəcəkdir. Yük və şəxsi heyət daşımaları istisna olmaqla pilotsuz aparatlar pilotlu aviasiya ilə eyni funksiyaları yerinə yetirəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk