SİYASƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ 22 MİN 851 NƏFƏRİN NAMİZƏDLİYİ QEYDƏ ALINMIŞDIR
Bakı, 9 noyabr (AZƏRTAC). Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Noyabrın 9-dək 1718 bələdiyyə üzrə 32 min 933 nəfərin namizədliyi təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, namizədliyi təsdiqlənmiş şəxslərin 32 min 86 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 27 min 53 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 12 min 70 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 4962-si qadınlardır.
Namizədlikəri qeydə alınan şəxslərdən 5972 nəfəri bitərəfləri, digərləri isə 24 siyasi partiyanı əhatə edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Bu partiyalardan 13-nün irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb.
Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvlüyünə namziədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.