CƏMİYYƏT
Bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır
Bakı, 28 mart (AZƏRTAC). Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pulu qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəmişdir.
Bundan başqa, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illərdə müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.