İQTİSADİYYAT
“Belneftexim”: Mozır Neftayırma Zavodunun satılması haqqında hələ qərar qəbul edilməmişdir
Minsk, 7 aprel (AZƏRTAC). Rusiyanın neft şirkətləri “Mozır Neftayırma zavodu” (MNPZ) ASC-nin səhmlərinin dövlətə məxsus hissəsini almaq təklifi ilə Belarusun dövlət orqanlarına müraciət etmişlər, lakin hələ bu barədə qərar qəbul edilməmişdir.
“Belneftexim” konserninin idarə heyəti sədrinin müavini vəzifəsini icra edən Vladimir Sizov bu barədə aprelin 7-8-də Minskdə keçirilən neftayırma və Belarus neft məhsullarının ixracı məsələlərinə həsr olunmuş konfransda məlumat vermişdir.
V.Sizov demişdir: “MNPZ ASC-də dövlətə məxsus hissənin ehtimal edilən satışı üzrə iş aparılır, Rusiya şirkətləri bu imkanla maraqlanırlar, lakin hələ qərar qəbul edilməyib”. O vurğulamışdır ki, “Belneftexim” konserni dövlət mülkiyyətini idarə edir, bu konsern neftayırma müəssisələrinin mülkiyyətçisi deyildir və səhmlərin satılması barədə qərarı o qəbul etmir.
AZƏRTAC-ın xəbər verdiyi kimi, Mozır neftayırma zavodunda Belarusun payının və “MNPZ plyus” MMC-nin idarə etdiyi səhm paketinin satılması məsələsi müzakirə edilir. Bu halda investora bir sıra şərtlər təqdim edilir: o, 10 il ərzində zavodu və “Naftan” ASC-nin imkanlarından maksimum istifadə etməli, habelə mövcud infrastruktur əsasında illik gücü 10 milyon tona qədər olan emal istehsalı yaratmalıdır.
1975-ci ildə istifadəyə verilmiş MNPZ 1994-cü ildə Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir. Zavodun nizamnamə fondunda Belarus Dövlət Əmlak Komitəsinin payı 42,76 faiz, “Slavneft” ASC-nin payı 42,58 faiz, “MPNZ plyus” MMC-nin payı 12,25 faiz, fiziki şəxslərin payı 2,41 faizdir. Zavodun əsas fəaliyyət növləri – neft emalı, neft məhsullarının istehsalı və satışı. İstehsalın ümumi həcmində sertifikatlaşdırılmış məhsulun payı təxminən 95 faiz təşkil edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk