İDMAN
Belqradda qadınlar arasında şahmat üzrə 14-cü şəxsi Avropa çempionatı davam edir
Bakı, 2 avqust (AZƏRTAC). Serbiyanın paytaxtı Belqradda qadınlar arasında şahmat üzrə 14-cü şəxsi Avropa çempionatı davam edir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionatın doqquzuncu turunun görüşləri başa çatmışdır.
Turun nəticələrinə görə, təmsilçimiz Səbinə İbrahimova rusiyalı qrossmeyster Tatyana Şadrinanı, Nərmin Xələfova isə Portuqaliya şahmatçısı Maria İnes Oliveiranı məğlub etmişdir.
Gülnar Məmmədova Rumıniya şahmatçısı Korina-İsabela Peptan ilə, Xəyalə Abdulla isə Serbiya şahmatçısı Mariya Petrovic ilə heç-heçə etmişdir.
Digər şahmatçılarımız Zeynəb Məmmədyarova, Nərgiz Umudova, Nərmin Kazımova və Türkan Məmmədyarova bu turda məğlub olmuşlar.
Bununla belə, G.Məmmədova və S.İbrahimova hesablarına 5,5 xal, Z.Məmmədyarova, N.Kazımova və N.Umudova 4,5 xal, T.Məmmədyarova, X.Abdulla və N.Xələfova isə 4 xal yazdırmışlar.
Çempionata, hesabında 7,5 xalla Macarıstan şahmatçısı Tranq Hoanq liderlik edir.
İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilən çempionat avqustun 3-də başa çatacaqdır.