İQTİSADİYYAT
Bənövşəyi rəngli yeni taksilər Bakının küçələrində fəaliyyətə başlamışdır
Bakı, 13 iyun (AZƏRTAC). Bakıya gətirilən bənövşəyi rəngli yeni taksilər fəaliyyətə başlamışdır.
AZƏRTAC xəbər verir ki, artıq 51 taksi paytaxtın mərkəzi küçələrində 11 dayanacaq üzrə xidmət göstərir. Yaxın günlərdə isə digər 49 taksi də əhalinin istifadəsinə veriləcəkdir.
Bakı şəhərində istismar olunacaq taksilərin sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçmişlər. Onlara xüsusi tərtib edilmiş proqram üzrə təlim keçilmişdir. Etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri mövzular sürücülərə tədris olunmuşdur.
Taksi sürücüləri üçün vahid geyim forması da müəyyən edilmişdir.
Qeyd edək ki, meqapolisə çevrilməkdə olan Bakı şəhərində sərnişindaşımanın keyfiyyətini artırmaq və taksi parkının yeniləşməsinə kömək etmək məqsədi ilə London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən, şirkət “Bakı Taksi Compani” Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən 1000 TX4 markalı avtomobili satmalıdır. Artıq Bakı şəhərinə 100 ədəd taksi gətirilmişdir. İlin sonunadək daha 900 ədəd taksinin paytaxta gətirilməsi gözlənilir. Yeni taksilər “Avro-4” standartlarına uyğundur və şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir.