MƏDƏNİYYƏT
Bənzərsiz ifalar və tükənməz tamaşaçı sevgisi
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti muğam kafedrasının baş müəllimi, tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva geniş konsert proqramı ilə çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan konsertdə xanəndənin ifasında muğam və xalq mahnıları səslənmişdir.
Tədbirdə çıxış edən xalq artistləri Canəli Əkbərov, İlham Əsgərov, Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov və başqaları B.Sevdiyevanın özünəməxsus yaradıcılıq yolundan söz açmışlar.
Bildirilmişdir ki, geniş səs diapazonuna malik olan xanəndə bütün muğamlarımızı pəsdə və zildə asanlıqla oxuyur. Onun səsinin öz sirri, rəngi, hikməti, ahəngi vardır. Ürəkləri riqqətə gətirən, qəlbləri ovsunlayan ifası, ifasındakı titrək notlar və xallar, naxışlar ilahi səsin varlığından xəbər verir.
Bəsti Sevdiyeva xalq mahnılarının, təsnif və muğamlarımızın təkcə məharətli ifaçısı deyil, həm də gözəl bilicisidir. Hazırda o, bu sənətin sirlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc ifaçılara öyrədir.
İlk dəfə Beynəlxalq Muğam Mərkəzində solo konsert verən Bəsti Sevdiyevanı Baba Salahov adına xalq çalğı alətləri ansamblı müşayiət etmişdir. Ansamblın bədii rəhbəri Ağasəlim Abdullayevdir.
B.Sevdiyeva 2006-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış etmişdir.