CƏMİYYƏT
Bərdə sakinin evindən 686 kiloqram çəkidə at əti aşkarlanıb
Bakı, 24 dekabr, AZƏRTAC
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir dekabrın 22-də nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən Bərdə şəhərində keçirilib. S.Novruzovanın Cavanşir küçəsindəki həyətyanı sahəsindən mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan 686 kiloqram çəkidə at əti aşkarlanıb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.