MƏDƏNİYYƏT
Bərdə və Naftalan məktəbliləri Qəbələdə
Qəbələ, 25 avqust (AZƏRTAC, Şahnəzər Bəşirov). “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Bərdə rayonundan və Naftalan şəhərindən olan iştirakçıları İsmayıllı ilə tanışlıqdan sonra avqustun 25-də axşam saatlarında Qəbələyə gəldilər.
AZƏRTAC xəbər verir ki, Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən şagirdlər proqrama uyğun olaraq avqustun 26-da rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Əvvəlcə şagirdlərə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə təşkil edilən və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verildi. Sonra Bərdə və Naftalanın orta ümumtəhsil məktəblərini təmsil edən 80 şagird musiqili-əyləncəli tədbirə qatıldı.
Şagirdlərə Qəbələnin tarixi, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verildi, onların sualları cavablandırıldı. Sonra şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirildi, musiqili-əyləncəli gecə təşkil olundu.