REGİONLAR
Bərdədə 125 mexanizatora sürücülük vəsiqəsi verilib
Bərdə, 13 iyun, AZƏRTAC
Bərdə şəhər mədəniyyət evində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Xocalı, Laçın, Goranboy, Naftalan və Ucardan olan 125 mexanizatora və digər kənd təsərrüfatı texnikası istifadəçilərinə yeni sürücülük vəsiqələri təqdim olunub.
Müfəttişlikdən AZƏRTAC-a bildiriblər ki, ölkənin regionlarında kənd təsərrüfatı texnikalarını idarə etmək üçün yaradılmış imtahan-qeydiyyat məntəqələrində sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilir.
Kənd təsərrüfatı sahəsində işlərin çoxluğu nəzərə alınaraq, vətəndaşlara xidmətlərin daha asan və şəffaf göstərilməsi məqsədilə müfəttişlikdə səyyar xidmət qrupu yaradılıb. Bu qrup tərəfindən regionlarda müntəzəm olaraq sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi prosesi həyata keçirilir. Artıq Qazax, Ağsu, Şirvan, Masallıda keçirilən xidmətlər zamanı mindən artıq etibarlılıq müddəti bitmiş köhnə vəsiqələr yenisi ilə əvəz edilib.
Müfəttişlikdə avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyatı, texniki baxışın aparılması, ipoteka yüklülüyü, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanların keçirilməsi, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi elektron qaydada həyata keçirilir.