İQTİSADİYYAT
Bərdədə əsas kapitala 18,2 milyon manat investisiya yönəldilmişdir
Bərdə, 3 noyabr (AZƏRTAC). Bərdə Rayon İcra Hakimiyyətində 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilmişdir ki, cari ilin doqquz ayında ümumi məhsul buraxılışı 145,1 milyon manat təşkil etmişdir. Bunun 6,2 milyon manatı sənaye, 81,6 milyon manatı kənd təsərrüfatının payına düşür.
Hesabat dövründə əsas kapitala 18,2 milyon manat investisiya yönəldilmişdir.
Rayonda geniş tikinti, quruculuq işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin həllinə xüsusi fikir verilmişdir. 11,6 kilometr kəndlərarası, 54,6 kilometr kənddaxili yollar təmir edilmiş, 66,9 kilometr təsərrüfatlararası torpaq yollar hamarlanmış, 1,9 kilometr su xətti çəkilmiş, 5 körpü salınmışdır.
Hesabat dövründə birinci Hacallı kəndində 220 şagird yerlik, Şahvəllər kəndində 220 şagird yerlik tam orta məktəb tikilmiş, şəhər 1 saylı orta məktəbi əsaslı təmir edilmişdir.
İlin əvvəlindən Qaraməmmədli, Samux, Nazırlı, Kürdborakı, Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirasəfli kəndlərinə təbii qaz verilmiş, şəhərdə qazlaşdırma 98,4 faizə çatdırılmışdır.
Lək kəndində 2 min tonluq soyuducu anbar, Mehdili kəndində gündəlik gücü 15 ton olan soyuduculu ətkəsmə müəssisəsi tikilir, 528 min başlıq broyler-quşçuluq fabriki yenidən qurulur.
Cari ilin məhsulu üçün 14 min 725 hektar taxıl, 2 min 158 hektarda pambıq, 384 hektarda günəbaxan, 135 hektarda qarğıdalı, 2 min 905 hektarda tərəvəz, 2 min 415 hektarda bostan bitkiləri və sair tədarük edilmişdir.
Rayonda iri buynuzlu mal-qaranın baş sayı 82 min 300-ə, qoyun və keçilərin baş sayı 130 min 800-ə çatmışdır. Doqquz ay ərzində 8 min 812 ton diri çəkidə ət, 39 min 700 ton süd, 19,8 milyon yumurta, 380 ton yun istehsal edilmiş, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,8 faiz, yun istehsalı 2,7 faiz, süd istehsalı 3,1 faiz və yumurta istehsalı 1,5 faiz artmışdır.
Yığıncaqda çıxış edən digər natiqlər təmsil etdikləri sahələr üzrə görülmüş işlər barəsində məlumat vermiş, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışmışlar.