SİYASƏT
Bərdədə insan hüquq və azadlıqlarının müdafiəsinə həsr edilmiş zona müşavirəsi keçirilmişdir
Bərdə, 23 may (AZƏRTAC). Ombudsman Elmira Süleymanova Bərdədə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müzakirəsinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Saatlı, Sabirabad, Ucar, Zərdab və Kürdəmir rayonlarının icra hakimiyyəti strukturlarının, bələdiyyələrin, hüquq mühafizə orqanlarının əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Elmira Süleymanova son vaxtlar ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışmış, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edildiyini və bu sənədin 2006-cı ildən uğurla həyata keçirilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətlər müəyyən etdiyini diqqətə çatdırmışdır. Ombudsman qeyd etmişdir ki, bu proqramda ölkə Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulduğu, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi kimi mühüm vəzifələr irəli sürülmüşdür.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı Gövhər Baxşəliyeva çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən danışmış, ölkə başçısının bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirmişlər.
Tədbirdə Ağdam, Ağcabədi, Tərtər, Sabirabad, Zərdab, Kürdəmir rayon icra hakimiyyətləri başçılarının müavinləri, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək, Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmışlar.
Sonda Ombudsman Elmira Süleymanova iştirakçıların suallarını cavablandırmışdır.