İQTİSADİYYAT
Bərdədə məcburi köçkünlər üçün yeni yaşayış massivi inşa edilir
Bərdə, 31 mart (AZƏRTAC). Bərdə rayonunun Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün yeni yaşayış massivinin inşasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 14 hektar olan yaşayış massivində beşmərtəbəli 15 yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, poçt inşa ediləcəkdir. Bütün infrastruktura malik massivdəki evlərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 45-i isə dördotaqlı olacaqdır. Yaşayış massivini daimi elektrik enerjisi ilə təmin etmək məqsədilə transformator yarımstansiyası quraşdırılacaq, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı, iki su nasosu və sutəmizləyici qurğu inşa ediləcək, su və qaz xətləri çəkiləcəkdir.
Ərazidə yaşıllaşdırma işləri də aparılacaq, park salınacaqdır. Yaşayış massivində işlərin bu il başa çatdırılması nəzərdə tutulmuşdur.