SİYASƏT
Bərdədə Milli Qurtuluş Günü münasibətilə toplantı keçirilmişdir
Bərdə, 14 iyun (AZƏRTAC). Bərdə Rayon İcra Hakimiyyətində 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı fəallarının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri toplantıda əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər 20 il əvvəl ölkədə baş verən hadisələri bir daha xatırlatmış, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.