SİYASƏT
BƏRDƏDƏ RESPUBLİKA GÜNÜ QEYD EDİLMİŞDİR
Bərdə, 29 may (AZƏRTAC). Bərdə şəhər mədəniyyət evində 28 May - Respublika gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzmüş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdikləri tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə məruzə etmişdir.
Natiq Azərbaycanın ötən əsrin sonlarında müstəqilliyini bərpa etdiyini vurğulamış, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmlənməsi, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində gördüyü işlərdən danışmış, dahi rəhbərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışdır.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı bayram konserti ilə davam etdirilmişdir.